Zelenski: “Putin dövrümüzün Hitleridir”
Ukrayna Prezidenti Volodimir Zelenski britaniyalı tanınmış jurnalist Pirs Morqana (Piers Morgan) verdiyi müsahibədə Rusiya lideri Vladimir Putini “dövrümüzün Hitleri” kimi xarakterizə edib.
Müsahibə zamanı Pirs Morqan Ukrayna dövlət başçısına “Siz Vladimir Putini dövrümüzün Adolf Hitleri hesab edirsinizmi?” sualı ilə müraciət edib.
Zelenski bununla tamamilə razılaşdığını vurğulayıb. Bundan əlavə, jurnalistin Rusiya rəhbərini “şərin təcəssümü” adlandırması və onun iblis dərəcəsində güclü olub-olmaması barədə sualına cavab verən Zelenski belə deyib: “O, iblisin özü qədər güclü deyil, lakin onun əməlləri şərin tam göstəricisidir”.
Müsahibənin sonunda jurnalist Pirs Morqan da ABŞ Prezidenti Donald Trampa müraciət edərək, İkinci Dünya müharibəsində Hitlerə qarşı tətbiq edilən “güzəşt/sakitləşdirmə” (appeasement) siyasətini xatırladıb və Vaşinqtonu modern Hitlerə qarşı Ukraynaya tam dəstək verməyə çağırıb.