Türkiyə Cümhuriyyətinin 103 yaşı tamam olur

 Türkiyə Cümhuriyyətinin 103 yaşı tamam olur

Anadolunun işğaldan azad edilməsindən sonra Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə Böyük Millət Məclisinin 29 oktyabr 1923-cü ildə Cümhuriyyəti elan etməsindən 103 il ötür.

Cümhuriyyət 1923-cü il oktyabrın 29-da saat 20:30-da Türkiyə Böyük Millət Məclisində 158 deputatın hamısının lehinə səs verməsi ilə elan edilib.

Həmin gün keçirilən gizli səsvermədə 158 deputatın hamısının səsini alan Qazi Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçilib.

29 oktyabr 1925-ci ildə qəbul edilən qanunla həmin tarixdən etibarən milli bayram kimi qeyd olunmağa başlanıb.

Türk xalqının müstəqillik mübarizəsini yeni dövlətin qurulması ilə taclandıran Cümhuriyyətə gedən yolda 1923-cü il oktyabrın 28-i tarixin dönüş nöqtələrindən biri olub.

Ankaranın Çankaya köşkündə axşam yeməyi zamanı səsləndirilən və Türkiyənin gələcəyini müəyyənləşdirən qərar ertəsi gün Türkiyə Böyük Millət Məclisində qəbul edilərək yeni türk dövlətinin idarəetmə formasını rəsmiləşdirib.

Cümhuriyyətə aparan yol Mustafa Kamal Atatürkün 1919-cu il mayın 19-da Samsuna çıxması ilə başlayan Milli Mübarizə illərində formalaşıb.

Atatürk Ərzurum Konqresi zamanı Mazhar Müfit Kansuyə qələbədən sonra qurulacaq hökumətin formasının Cümhuriyyət olacağını bildirib. Lakin dövrün şərtlərinə görə bu fikrini bir müddət açıq şəkildə ifadə etməyib.

1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin açılması ilə xalq hakimiyyətinə əsaslanan yeni idarəetmənin təməli qoyulub.

1923-cü il iyulun 24-də Lozanna Sülh Müqaviləsinin imzalanması ilə Türkiyənin müstəqilliyi beynəlxalq səviyyədə tanınıb. Oktyabrın 13-də Ankaranın paytaxt elan edilməsi isə yeni dövlətin siyasi və inzibati quruluşunun formalaşmasında mühüm addım olub.

Lakin döyüş meydanlarında qazanılan qələbələrdən sonra yeni dövlətin idarəetmə formasının açıq şəkildə müəyyənləşdirilməsi və dövlət başçısı məsələsinin həlli zərurəti yaranıb.

1923-cü il oktyabrın 27-də Nazirlər Kabinetinin istefası və yeni hökumətin qurula bilməməsi siyasi böhrana səbəb olub. Bu vəziyyət dövlət idarəçiliyində yeni dəyişikliklərin edilməsini gündəmə gətirib.
Çankayada tarixə düşən axşam
1923-cü il oktyabrın 28-də Ankara Türkiyənin siyasi tarixində ən mühüm qərarlardan birinin qəbuluna hazırlaşırdı.

Mustafa Kamal Paşa həmin axşam yaxın silahdaşlarını Çankaya köşkünə şam yeməyinə dəvət edib.

Lətifə xanımın hazırlatdığı süfrə arxasında İsmət Paşa, Kazım Paşa, Fəthi bəy, Kəmaləddin Sami Paşa, Halit Paşa, Fuad bəy və Ruşən Əşrəf bəy də daxil olmaqla bir sıra şəxslər toplaşıblar.

Mustafa Kamal Paşa uzun müddətdir düşündüyü Cümhuriyyətin elan edilməsi qərarını həmin axşam dostları ilə bölüşüb.

Atatürk illər sonra “Nitq” əsərində həmin tarixi axşamı belə təsvir edib:

“Gecə olmuşdu… Çankayaya getmək üçün Məclis binasından ayrılarkən dəhlizlərdə məni gözləyən Kəmaləddin Sami və Halit paşalarla rastlaşdım. Əli Fuad Paşanın Ankaradan yola düşərkən onların Ankaraya gəldiklərini həmin gün qəzetdə “Bir yola salma və bir qarşılama” başlığı altında oxumuşdum. Hələ onlarla görüşməmişdim. Mənimlə danışmaq üçün gec saatlara qədər orada gözlədiklərini anlayınca, müdafiə naziri Kazım Paşa vasitəsilə onlara axşam yeməyinə gəlmələrini bildirdim.

İsmət Paşaya, Kazım Paşaya və Fəthi bəyə də mənimlə birlikdə Çankayaya gəlmələrini söylədim. Çankayaya çatanda məni görmək üçün gəlmiş Rizə millət vəkili Fuad və Afyonqarahisar millət vəkili Ruşən Əşrəf bəylərlə qarşılaşdım. Onları da yeməyə saxladım. Yemək zamanı “Sabah Cümhuriyyəti elan edəcəyik” dedim. Orada olan dostlar dərhal mənim fikrimə qoşuldular. Yeməyi yarımçıq qoyduq. Həmin andan etibarən necə hərəkət edəcəyimiz barədə qısa proqram müəyyənləşdirdim və dostları tapşırıqlar üzrə vəzifələndirdim”.

Yeməkdən sonra Mustafa Kamal Paşa İsmət Paşa ilə birlikdə 1921-ci il Konstitusiyasının bəzi maddələrinə dəyişiklik edən qanun layihəsini hazırlayıb.

Beləliklə, Çankaya köşkündə açıqlanan qərar ertəsi gün Məclisin müzakirəsinə çıxarılacaq konstitusiya dəyişikliyinə çevrilib.
Cümhuriyyət saat 20:30-da elan edildi
1923-cü il oktyabrın 29-da, bazar ertəsi günü Türkiyə Böyük Millət Məclisində türk xalqının gələcəyində yeni səhifə açacaq tarixi müzakirələr keçirilib.

Anadolu Agentliyinin arxivində yer alan dövrün fransızdilli bülletenlərinə görə, Məclis saat 18:00-da iclasa başlayıb.

Konstitusiya komissiyasının hazırladığı və Cümhuriyyətin elanını nəzərdə tutan qanun layihəsi müzakirəyə çıxarılıb.

Müzakirələr zamanı çıxış edən Yunus Nadi bəy Cümhuriyyətin elan edilməsinin zəruriliyini əsaslandırıb. Digər deputatlar da yeni idarəetmə forması ilə bağlı fikirlərini bildiriblər.

Müzakirələrdən sonra 1921-ci il Konstitusiyasına dəyişiklik edilib və “Türkiyə dövlətinin idarəetmə forması Cümhuriyyətdir” müddəası qəbul olunub.

Saat 20:30-da iclasda iştirak edən 158 deputatın hamısının lehinə səs verməsi ilə Cümhuriyyət elan edilib.

Məclisdə qəbul olunan tarixi qərar “Yaşasın Cümhuriyyət” səsləri və alqışlarla qarşılanıb.

Beləliklə, 1920-ci il aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin açılması ilə təməli qoyulan milli suverenlik prinsipi dövlətin idarəetmə formasında da öz əksini tapıb.
“Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu və qalib olacaq”
Cümhuriyyətin elan edilməsindən sonra həmin gün prezident seçkisi keçirilib.

Gizli səsvermədə 158 deputatın hamısının səsini alan Qazi Mustafa Kamal Paşa Türkiyə Cümhuriyyətinin ilk prezidenti seçilib.

Prezident titulu ilə ilk dəfə Məclisin kürsüsünə çıxan Atatürk türk xalqının müstəqillik mübarizəsində göstərdiyi qətiyyətə diqqət çəkərək yeni dövlətin gələcəyinə inamını ifadə edib.

Atatürk tarixi çıxışını “Türkiyə Cümhuriyyəti xoşbəxt, uğurlu və qalib olacaq” sözləri ilə başa vurub.

Cümhuriyyətin elan edilməsi ilə dövlət başçısı məsələsi həllini tapıb, hökumətin qurulması qaydası da yenidən müəyyənləşdirilib. İlk hökuməti qurmaq İsmət Paşaya tapşırılıb, Fəthi bəy isə Türkiyə Böyük Millət Məclisinin sədri seçilib.

Cümhuriyyətin elan edilməsi oktyabrın 29-da gecə və ertəsi gün vətəndaşlar tərəfindən qeyd olunub. 1924-cü il oktyabrın 26-da dərc edilən qərarla Cümhuriyyətin elanının 101 top atəşi və müxtəlif tədbirlərlə qeyd olunması qərara alınıb.

1925-ci il aprelin 19-da qəbul edilən qanunla yeni türk dövlətinin Mustafa Kamal Atatürkün rəhbərliyi altında müasirləşmə və demokratiya istiqamətində inkişafı çərçivəsində 29 oktyabr həmin ildən etibarən milli bayram kimi qeyd olunmağa başlayıb.

1923-cü il oktyabrın 28-də Çankaya köşkündə səsləndirilən “Sabah Cümhuriyyəti elan edəcəyik” ifadəsi 103 il sonra da Cümhuriyyətin yaranmasına aparan tarixi prosesin rəmzi sözlərindən biri olaraq qalır.

Digər yazılar