Ekoloji ədalət, yoxsa siyasi ikiüzlülük? – İranın “ekosid” bəyanatı və Qarabağ həqiqətləri
Tehranda keçirilən beynəlxalq konfransda İranın xarici işlər naziri Abbas Əraqçının ətraf mühitin məhv edilməsini — “ekosid” cinayətini — soyqırımla müqayisə edərək ona müstəqil beynəlxalq hüquqi status verilməsi çağırışı, ilk baxışdan bəşəri və hüquqi bir təşəbbüs kimi görünə bilər. Lakin rəsmi Tehranın bu məsələdə seçici yanaşması, geosiyasi maraqlarını “ətraf mühit qoruyucusu” maskası altında gizlətmək cəhdindən başqa bir şey deyildir.
Əraqçının Qəzza, Livan və İrandakı ekoloji fəsadları nümunə gətirib, ancaq Qafqazda 30 il ərzində törədilmiş kütləvi ekoloji terrora və talançılığa tamamilə göz yumması İran diplomatik xəttinin dərin ikili standartlar üzərində qurulduğunu bir daha sübut edir.
İran XİN rəhbəri Qəzzada zeytun bağlarının, Livanda meşələrin məhv edilməsindən narahatlıq ifadə edir. Lakin sual olunur: 30 il boyunca Ermənistanın işğalı altında qalmış Azərbaycan torpaqlarında törədilən ekoloji fəlakətlər nədən Tehranın radarına düşmür?
Bəsitçay Dövlət Təbiət Qoruğunun, Topxana meşəsinin yüzillik çinar və qiymətli ağaclarının kütləvi şəkildə qırılması, meşələrin qanunsuz qırılaraq xaricə daşınması ekosid deyilmi?
Metsamor AES-in radiaktiv tullantılarının və Ermənistan sənaye müəssisələrinin (Oxçuçay vasitəsilə) Araz çayına axıdılması, həm Azərbaycanın, həm də elə İranın öz sərhəd rayonlarının ekoloji təhlükəsizliyinə birbaşa təhdiddir.
Yüz minlərlə hektar ərazinin minalarla çirkləndirilməsi, su anbarlarının (Sərsəng anbarı kimi) illərlə ekoloji və humanitar təzyiq vasitəsi kimi istifadə edilməsi kütləvi ekoloji cinayətdir.
Tehranın bu faktları görməzdən gəlməsi onun ekosid mövzusunda səmimi olmadığını, bu anlayışdan yalnız qərbə və rəqiblərinə qarşı siyasi təzyiq aləti kimi istifadə etdiyini göstərir.
Qarabağ və Şərqi Zəngəzurun adının bu cür beynəlxalq platformalarda çəkilməməsinin əsas səbəbi yalnız siyasi korluq deyil, həm də tarixi məsuliyyətdən yayınmaq cəhdidir.
1991–2020-ci illər ərzində işğal altında olan Azərbaycan ərazilərindəki şəhər və kəndlərin sistemli şəkildə sökülməsi, evlərin dam örtüklərindən tutmuş pəncərə çərçivələrinə, tikinti materiallarına və hətta naqillərə qədər talan edilərək daşınmasında İran vətəndaşlarının və yük avtomobillərinin iştirakı təkzibedilməz faktlarla sübut olunub.
Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlı kimi şəhərlərin “Ruhlar şəhəri”nə çevrilməsində, bu ərazilərdən sökülən tikinti materiallarının Araz çayı üzərindəki keçidlərdən İrana daşınmasında müəyyən İran işbazlarının və strukturlarının vasitəçiliyi hər kəsə bəllidir.
Xudafərin körpüsü yaxınlığında qanunsuz iqtisadi fəaliyyətlərin həyata keçirilməsi, işğal altındakı resursların mənimsənilməsinə göz yumulması rəsmi Tehranın Ermənistanın işğal siyasətinə verdiyi dolayısı, lakin mühüm dəstək idi.
Öz vətəndaşlarının və şirkətlərinin bu talançılıqda iştirakına illərlə şərait yaradan bir dövlətin bu gün “ekoloji ədalət”dən və “mütəşəkkil ekosid”dən danışması siyasi riyakarlığın pik nöqtəsidir.
İranın xarici siyasəti uzun illərdir ki, regional sabitliyə xidmət etmək əvəzinə, mövcud status-kvo və münaqişələrdən öz dividendini götürməyə hesablanıb.
Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədə təbiətin bərpası, “Yaşıl Enerji” zonalarının yaradılması və minalardan təmizlənmə kimi nəhəng ekoloji layihələr həyata keçirir. İran isə bölgədə yaradılan bu yeni dinc reallığı həzm etməkdə çətinlik çəkir.
Tehranın Qəzzadakı və ya Livandakı ekoloji fəsadları qabardıb, öz qonşuluğunda 30 il ərzində törədilmiş və təsirləri hələ də davam edən ekoloji terrora göz yumması İslam həmrəyliyi prinsipinə ziddir.
Müsəlman torpaqlarında məscidlərin, qəbiristanlıqların və təbiətinin məhv edilməsinə susan bir rejimin “müsəlman təəssübkeşliyi” həmrəylik iddialarını puça çıxarır.
Ekosid anlayışını yalnız öz siyasi maraqlarına uyğun gələndə xatırlamaq isə beynəlxalq hüquq prinsiplərini dəyərdən salır.
Abbas Əraqçının “ekosid” bəyanatı rəsmi Tehranın növbəti diplomatik manipulyasiyasıdır. Əgər İran həqiqətən də ətraf mühitin korlanmasını soyqırımla müqayisə edirsə və bu sahədə cavabdehlik mexanizmlərinin yaradılmasını istəyirsə, ilk növbədə öz qonşuluğunda — Azərbaycan torpaqlarında 30 il ərzində törədilmiş ekoloji terrora obyektiv qiymət verməli, bu talançılıqda payı olan öz subyektlərinin məsuliyyətini etiraf etməlidir.
Qarabağ və Şərqi Zəngəzurun ekoloji faciəsini görməzdən gələrək uzaq coğrafiyalardakı ekoloji problemlərdən dərs keçməyə çalışan Tehran rejimi, bu addımı ilə beynəlxalq aləmdə və regionda öz mənəvi və hüquqi etibarlılığını bir daha sual altına qoyur.
Babək Göyüş