Tofiq Zülfüqarov: Zəngəzur geri qaytarılmalıdır
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bildirib ki, Naxçıvanın blokadası məsələsi həll olunmamış azsaylı problemlərdən biri olaraq qalır.
O, bu barədə öz Facebook səhifəsində yazıb.
“Gəlin geri qaytarmalı olduğumuz Zəngəzurumuz haqqında danışaq”, – deyə Zülfüqarov yazıb.
Onun sözlərinə görə, nəqliyyat əlaqələrinin blokadası hərbi fəaliyyət növü sayılır və Yaxın Şərq münaqişələri zamanı boğazların blokadası nümunələri beynəlxalq hüquqda bu cür anlayışların aktuallığını bir daha təsdiqləyir.
“Məlum 9-cu bəndin – və indi TRIPP layihəsi çərçivəsindəki öhdəliklərin – icra edilməməsi göstərir ki, Ermənistan ölkəmizin bir hissəsinin blokadasını qəsdən saxlamağa çalışır”, – deyə keçmiş nazir qeyd edib.
Buna əsaslanaraq, Zülfüqarov hesab edir ki, Azərbaycan öz eksklavının blokadadan çıxarılması üçün geniş spektrli siyasi və güc tədbirlərinə əl atmaq hüququna malikdir.
O, Ermənistanın 9 noyabr 2020-ci il razılaşmaları və 2025-ci il Vaşinqton razılaşmaları üzrə öhdəliklərdən yayınmasını, həmçinin Azərbaycan SSR dəmir yolunun Mehri hissəsi ilə bağlı mülkiyyət hüquqları məsələsinin (1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq) həll olunmamasını potensial ssenari üçün əsas hüquqi və siyasi amillər kimi göstərib.
Zülfüqarov həmçinin Rusiya FSB-sinin Sərhəd Xidməti və Rusiya Dəmir Yolları (RZD) tərəfindən həyata keçirilən de-fakto və de-yure tam nəzarətə, eləcə də Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası (sözügedən hissə də daxil olmaqla) ilə bağlı danışıqlarda nəticə əldə olunmamasına diqqət çəkib. “Onun yekun statusu yalnız danışıqlar başa çatdıqdan sonra müəyyən edilə bilər”, – deyə o vurğulayıb.
Keçmiş xarici işlər nazirinə görə, Azərbaycan bu məsələ ilə bağlı bütün danışıq formatlarında, o cümlədən ABŞ və Rusiya kimi beynəlxalq tərəfdaşlarla yanaşı, tam iştirak tələb edə bilər və etməlidir.
“Azərbaycan Mehri dəmir yolu hissəsinin tam bərpası və istismara verilməsinin təmin edilməsini təklif edə bilər”, – deyə Zülfüqarov yazıb. O əlavə edib ki, həmin hissənin statusu, mülkiyyət məsələsi və istismar qaydaları sonradan Azərbaycan və Ermənistan arasında aparılacaq danışıqlar yolu ilə müəyyən edilə bilər.
Bundan əlavə, o qeyd edib ki, bərpa işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın təhlükəsizlik qurumları bu fəaliyyətləri bütün maraqlı tərəflərlə birgə həyata keçirə bilər.