Paşinyan Ermənistanda saxlanılan azərbaycanlı hərbçi barədə danışdı
Ermənistanın baş naziri Nikol Paşinyan azərbaycanlı hərbçi Nəsimi Musayevin ən azı bir müddət Ermənistanda qalacağını bildirib.
Bu barədə Ermənistan mətbuatı yazıb.
Onun sözlərinə görə, Nəsimi Musayevlə bağlı cinayət işi üzrə prosedurlar Ermənistanda aparılacaq və o, hazırda həbsdədir.
Mümkün mübadilə ilə bağlı suala cavabında konkret mövqe bildirməyən Paşinyan bunları deyib: “Tutaq ki, biz onlara deyirik: əsirlərdən birini bizə verin ki, biz də bu əsgəri verək. Bəs sabah bizim əsgər onların tərəfinə keçsə, onda kimi verəcəyik?”
Paşinyan, həmçinin Azərbaycan tərəfinin hərbçinin itkin düşməsi barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinə məlumat verməsinə baxmayaraq, Şaki kəndinin sakinlərinin niyə xəbərdar edilmədiyi ilə bağlı suala cavabında bildirib ki, hərbçinin Ermənistan ərazisinə keçməsinə dair sübut olmayıb.
Qeyd edək ki, Nəsimi Musayev oktyabrın 1-də Ermənistanda, Zəngəzurun Şəki kəndində saxlanılıb. Ermənistanın məlumatına görə, onun barəsində bir neçə maddə üzrə cinayət işi başlanıb və məhkəmə iki aylıq həbs qətimkan tədbiri seçib.