Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

 Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Nəşrin layihə rəhbəri Şəmil Sadiq, redaktoru və tərtibatçısı isə Aslan Salmansoy olan “Səməd Vurğun xatirələrdə” kitabında şairin doğmalarının və yaxınlarının xatirələri toplanıb. Bu xatirələr Səməd Vurğunu yalnız böyük söz ustadı və ictimai xadim kimi deyil, həm də hiss və əqidəsinə dərindən bağlı olan səmimi, qətiyyətli və duyğulu bir insan kimi görməyə imkan verir.

AZƏRTAC silsilənin növbəti yazısında Xalq şairinin oğlu Vaqif Səmədoğlunun xatirələrini təqdim edir. O, atası haqqında danışır, onun Azərbaycan ədəbiyyatındakı yeri barədə düşüncələrini bölüşür, həmçinin şairin 1930-cu illərdə repressiyalardan necə yayına bilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürür.

“Səməd Vurğun kimdir? Mənim atam. Dünya və Azərbaycan qarşısında daha nə nailiyyətləri var? Şair, akademik, SSRİ Ali Sovetinin demək olar ki, daimi deputatı, parlament qrupunun üzvü, Moskva Dövlət Universitetinin fəxri doktoru, Azərbaycan Akademiyasının vitse-prezidenti, ovçu, Sovet Sülh Komitəsinin üzvü, 2 dəfə Stalin mükafatı laureatı, 2 dəfə Lenin ordeni kavalerı, İosif Stalin qarşısında şeir oxumuş və Uinston Çörçillin qabağında tost demiş bir azəri türkü, şair, dramaturq. Bakıda vağzal meydanında onun heykəli ucalır. Bir heykəli də Axundov adına kitabxananın portalındadır. Bir büstü Bakıdakı ev-muzeyinin qarşısında, bir heykəli Salahlı kəndindəki xatirə muzeyinin qabağında, böyük bir abidəsi Qazax şəhərində, biri də Biləsuvar rayon mərkəzində. Ancaq Biləsuvardakı heykəli tək deyil, Puşkin ilə yanaşı durub, çünki Azərbaycanın cənubunda yerləşən bu qədim türk məskəninə nə zamansa dahi rus şairi Puşkinin adını vermişdilər. Niyə? Bəlkə, ona görə ki, başqa bir ölkəni, özgə xalqı yalnız odlu silahla yox, odsuz silahla, dahi adları ilə də zəbt eləmək olar. Keçmiş sovet respublikalarında minlərlə rus, sovet dövlət xadimlərinin adlarını daşıyan şəhərlər, qəsəbələr, kəndlər var idi. Çarizm vaxtında isə təbii ki, rus imperatorları və onların ailə üzvlərinin adlarını daşıyan şəhərlərdə yaşayıblar babalarımız. Ancaq Biləsuvarda Səməd Vurğun ilə Puşkinin yanaşı dayanmalarında ədəbi məntiq var. Səməd Vurğun Puşkinin “Yevgeni Onegin” poemasını bizim dilə böyük məhəbbət və professional məharətlə tərcümə edib. Odur ki, onların dünyanın hansısa bir yerində qoşa dayanma haqları var.

Səməd Vurğunla bağlı rəsmi məlumatları verdim. Adlar, titullar, abidələr, vəzifələr. Yox, bir vəzifəsi yadımdan çıxmışdı az qala: Səməd Vurğun uzun illər Azərbaycan Yazıçılar İttifaqına rəhbərlik edib. Ancaq bütün bu sadaladığım rəsmi tanınma atributları Azərbaycanda hamıya məlumdur və Azərbaycan nüfuzuna görə, deyəsən, 7-ci sovet respublikası statusundan qurtulub, dünyanın kim bilir neçənci müstəqil dövlətinə çevriləndən sonra aydın göründü ki, Səməd Vurğunun daşıdığı adlardan yalnız ikisi Azərbaycanda əbədi yaşamaq haqqına malikdir: Şair və İnsan. Qalanları ötəri şey imiş”.

Azərbaycan ədəbiyyatı tarixində Səməd Vurğunun yerindən bəhs edən Vaqif Səmədoğlu vurğulayır ki, atasının yaradıcılığının əhəmiyyətindən yalnız bir oğul kimi deyil, həm də peşəkar kimi danışır:

“Atam şair kimi nə üçün həmişə yaşayacaq? Mən bunu bəlkə övlad istəyimə arxalanıb deyirəm? Xeyr, bunu mən professional kimi etiraf edirəm. Azərbaycan ədəbiyyatı tarixinin bir səhifəsi Səməd Vurğundur. Böyük poetik istedadı, oxucu, dinləyici ürəyinə-beyninə birbaşa yol tapan səlis, gözəl dil, pafosun poetikliyi, cəmiyyət və nəhayət, təbii hadisəyə bənzər tamamilə aktyorluqdan uzaqda duran, bir özünü təqdim edə bilmək, sevilmək yadda qalmaq, alqış doğurmaq bacarığı. Səməd Vurğun fenomeni. Miflər yaranan münbit zəmin… Sayı-hesabı yoxdur atam haqqında hələ özü sağ ikən yaranmağa başlayan miflərin, xatirələr formasında yazılmış yalanlı-doğrulu dastanların.

Yaxşı, bəs belə bir istedadla, böyük şair nə üçün 1937-ci illərin Stalin repressiyasına məruz qalmadı?

– Səməd filankəsi satıb, özü aradan çıxıb.

Bu bir versiya.

– Səməd doproslarda özünü mərd aparıb, elə kişilik göstərib ki, ona ölüm hökmü çıxarmağa heç kəsin əli qalxmayıb.

Bu da başqa bir versiya.

Anam Xavər xanımın versiyası:

– Mircəfər Bağırov “Красные Партизаны” təşkilatında sənin dayın, mənim böyük qardaşım Ağabəyin müavini olub.

Bir başqası tamamilə səmimi deyir:

– Səmədi tutub güllələsəydilər, bütün Azərbaycan xalqı ayağa qalxıb üsyan edərdi!

O zaman bu xalqın qorxusundan səsi də çıxmırdı…

– Ən istedadlıları, qaymaqları öldürdülər, qaldı belələri.

Yalandır. Böyük bir bəşər, insan faciəsinin adi məişət cinayəti səviyyəsinə endirən yalan. Bəlkə də, səmimi, fəqət tarixdən, ədəbiyyat və incəsənətdən çox da hali olmayan insanların təəssüf doğuran məyus məntiqidir bu fikir”.

Repressiyalar və ədəbiyyat nümayəndələrinin taleyi barədə düşüncələrini davam etdirən Vaqif Səmədoğlu yazır:

“Rusiyada böyük şair Osip Mandelştam həbsdə çürüdüldü, dahi Boris Pasternak qaldı. Stalindən şeir yazdığına görə? Dünyada Stalinin adını poeziyaya ilk dəfə gətirən məhz faciəli şəkildə həlak olmuş Mandelştam olmuşdu. Anna Axmatova, Andrey Platonov, Marina Svetayeva, Mixail Bulqakov… nəhayət, tamamilə haqlı olaraq Nobel mükafatları almış Mixail Şoloxov və yenə də həmin Boris Pasternak. Bunlar fiziki olaraq repressiya maşınından qurtaranlardan bir neçəsidir və ən dəhşətlisi də ondadır ki, bu repressiyaların nə dəqiq çəki norması olub, nə ölçü etalonu. Azərbaycanda da, həmçinin Hüseyn Cavid, Mikayıl Müşfiq kimi sənətkarlar tələf edildilər və onlarla başqaları: Səməd Vurğun, Rəsul Rza, Süleyman Rüstəm və yenə də onlarla başqaları sağ qaldılar. İndi hansı tərəzi ilə istedadların çəkisini ölçək? Elə bir tərəzi tapılsaydı hər iki gözü göz yaşları ilə dolub düz gələrdi. Bəlkə də, birə-bir…

Atamın o zaman həbs olunmaması haqda ən ağlabatan fərziyyəni 1971-ci ildə Moskvada mənə məşhur sovet şairi-yazıçısı Konstantin Simonov dedi:

– Bütün diktatorlar kimi Stalin də öz misilsiz yaddaşını hamıya nümayiş etdirirdi. Mən əminəm ki, hər dəfə Mircəfər Bağırov onun qəbulunda olanda o, Səməddən də sözarası hal-əhval tutarmış. Səmədi fəlakətdən yəqin elə bu qurtardı.

Səməd Vurğun 1935-ci ildə Kremldə Stalinin qəbulunda olmuşdu. Azərbaycanda sovet hakimiyyətinin 15 illiyi münasibətilə keçirilən bayram təntənələri günlərində və orada Stalinin hüzurunda onun şərəfinə yazdığı məşhur “Rəhbərə salam!” şeirini oxumuşdu. Elə buradaca, atamı tribunada saxlayaraq, Stalin ona bir neçə sual verib, cavab almışdı”.

Digər yazılar