Rəssamlıq Akademiyasının tələbələri Londonda beynəlxalq memarlıq təcrübəsi qazanıblar
Azərbaycan Rəssamlıq Akademiyasının Memarlıq ixtisasının III kurs tələbələri Mədinə Ağaməmmədova və Seyidfatimə Məmmədova Böyük Britaniyanın Azərbaycandakı səfirliyinin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihə çərçivəsində Londonda təşkil olunan peşəkar inkişaf proqramında iştirak ediblər.
Akademiyadan bildirilib ki, proqramın əsas məqsədi su ehtiyatlarının səmərəli idarə olunması, dayanıqlı şəhərsalma və müasir memarlıq yanaşmaları sahəsində gənc memarların yaradıcılıq potensialını inkişaf etdirmək, onların beynəlxalq təcrübə qazanmalarına və dünya memarlıq mühiti ilə yaxından tanış olmalarına şərait yaratmaq olub.
Layihə Böyük Britaniyanın Memarlar Kral İnstitutu (RIBA) ilə əməkdaşlıq çərçivəsində təşkil edilib və dünyanın aparıcı memarlıq şirkətləri – “Zaha Hadid Architects”, “Chapman Taylor” və “Scott Brownrigg” tərəfindən dəstəklənib.
Səfər proqramı çərçivəsində iştirakçılar RIBA-nın baş qərargahına, “Zaha Hadid Architects”, “Chapman Taylor” və “Scott Brownrigg” şirkətlərinin ofislərinə gedərək onların fəaliyyət istiqamətləri, beynəlxalq layihələri, dayanıqlı memarlıq prinsipləri, innovativ dizayn həlləri və müasir şəhərsalma yanaşmaları ilə yaxından tanış olublar.
Proqram çərçivəsində tanınmış memarlar və sahə mütəxəssisləri ilə keçirilən görüşlərdə qlobal memarlıq çağırışları, dayanıqlı inkişaf məqsədləri və beynəlxalq əməkdaşlıq perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Peşəkar inkişaf proqramında tələbələrlə yanaşı, Azərbaycan Rəssamlıq Akademiyasının Memarlıq kafedrasının müdiri dosent Gülər Məmmədova, Beynəlxalq əlaqələr, sərgilər və əcnəbi tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Səbinə Hümbətova də iştirak ediblər. Nümayəndə heyəti beynəlxalq əməkdaşlığın genişləndirilməsi, ali memarlıq təhsilində müasir yanaşmaların tətbiqi və gələcəkdə birgə layihələrin həyata keçirilməsi istiqamətində bir sıra səmərəli görüşlər keçirib.
Londonda təşkil olunan peşəkar inkişaf proqramı Azərbaycan Rəssamlıq Akademiyası tələbələrinin nəzəri biliklərinin praktik təcrübə ilə zənginləşdirilməsi, beynəlxalq peşəkar əlaqələrinin genişləndirilməsi və dünya memarlıq təcrübəsini yaxından mənimsəmələri baxımından əhəmiyyət daşıyıb.