Olimpiada qalibləri: Beynəlxalq yarış böyük təcrübə qazandırdı
Azərbaycan məktəbliləri Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 57-ci Beynəlxalq Kimya Olimpiadasında (IChO) uğurla çıxış ediblər. Bakı Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən “Gənc istedadlar” liseyinin 11-ci sinif şagirdi Elman Kərimli və Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Qurban Piriyev olimpiadanın bürünc medalına layiq görülüblər.
Medalçılar beynəlxalq yarışla bağlı təəssüratlarını AZƏRTAC-la bölüşüblər.
Qurban Piriyev bildirib ki, Beynəlxalq Kimya Olimpiadasında ilk iştirakı onun üçün həm məsuliyyətli, həm də yaddaqalan təcrübə olub. Onun sözlərinə görə, yarışa böyük həyəcanla yollansa da, 8-ci sinifdən bəri arzuladığı medalı qazanaraq Vətənə qayıtması uzun illərin zəhmətinin bəhrəsi olub. Bu uğur onun özünəinamını daha da möhkəmləndirib.
Müsahibimiz qeyd edib ki, dünyanın müxtəlif ölkələrindən gələn ən güclü şagirdlərlə eyni mühitdə yarışmaq ona yeni bilik və təcrübə qazandırıb. O bildirib ki, iştirakçıların fərqli öyrənmə üsulları ilə tanış olmaq gələcək hazırlığında daha səmərəli metodlardan istifadə etməsinə kömək edəcək.
Məktəbli əlavə edib ki, bürünc medal onun üçün mühüm stimuldur. O, növbəti beynəlxalq olimpiadalarda daha yüksək nəticə əldə etmək məqsədilə hazırlıq prosesini təkmilləşdirməyi, xüsusilə vaxtın düzgün idarə olunması üzərində daha çox çalışacağını vurğulayıb.
Digər bürünc medalçı Elman Kərimli isə deyib ki, medal qazanmağın müəyyən risk daşıdığını düşündüyü üçün bu uğur onu xüsusilə sevindirib. O qeyd edib ki, praktiki turda istədiyi nəticəni əldə edə bilmədiyindən ümumi göstərici gözlədiyindən bir qədər aşağı olub. Buna baxmayaraq, Beynəlxalq Kimya Olimpiadasında medal qazanmağı özü üçün böyük nailiyyət hesab edir.
Elman Kərimli bildirib ki, bu, onun ilk beynəlxalq olimpiadası olmayıb. O, daha əvvəl Moskvada keçirilən Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında bürünc medal qazanıb.
Məktəbli vurğulayıb ki, əldə etdiyi uğur ona nüfuzlu universitetlərə qəbul zamanı üstünlük qazandıracaq və digər namizədlərdən fərqlənməsinə kömək edəcək. O, gələcəkdə kimya mühəndisliyi sahəsində təhsil almaq və bu istiqamətdə inkişaf etmək istədiyini deyib.
Xatırladaq ki, Özbəkistanın Daşkənd şəhərində keçirilmiş 57-ci Beynəlxalq Kimya Olimpiadasında 90-dan çox ölkədən 350-dən artıq şagird iştirak edib. Azərbaycan komandası yarışda bir gümüş və iki bürünc medal qazanıb.