Texnologiyalardan həddindən artıq istifadə uşaqlarda tənbəlliyin artmasına səbəb ola bilər

 Texnologiyalardan həddindən artıq istifadə uşaqlarda tənbəlliyin artmasına səbəb ola bilər

Rəqəmsal texnologiyaların sürətli inkişafı cəmiyyətlə yanaşı, yeni nəsillərin formalaşmasına ciddi təsir göstərir. İnformasiya bolluğu şəraitində böyüyən Alfa nəslinin əvvəlki nəsillərdən fərqlənən xüsusiyyətləri ilə yanaşı, qarşılaşdığı müəyyən risklər də mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, təhsil üzrə mütəxəssis Xalidə Həmidova deyib. Onun sözlərinə görə, əvvəlki dövrlərlə müqayisədə nəsillərarası keçid bu gün daha sürətli baş verir və bu dəyişikliklər uşaqların düşüncə tərzinə birbaşa təsir göstərir.

“İnformasiya texnologiyalarının inkişafı nəticəsində uşaqlar daha çevik düşünən, yeniliklərə daha açıq və texnologiyadan istifadə bacarığı yüksək olan fərdlər kimi formalaşırlar. Əgər əvvəlki nəsillər texnologiyalara ehtiyatla yanaşırdısa, bu gün uşaqlar rəqəmsal aləmdə daha sərbəst hərəkət edirlər. Bu da onların dünyagörüşünə və inkişaf tempinə təsir göstərir”, – deyə mütəxəssis vurğulayıb.

Xalidə Həmidova bildirib ki, rəqəmsal mühitin üstünlükləri ilə yanaşı, müəyyən mənfi təsirləri də mövcuddur. Texnologiyadan həddindən artıq istifadə uşaqlarda tənbəlliyin artmasına, yaradıcılıq imkanlarının zəifləməsinə və sosial bacarıqların inkişafında problemlərin yaranmasına səbəb ola bilər.

Dosent hesab edir ki, bu şəraitdə məktəbəqədər təhsil müəssisələrinin rolu xüsusilə önəmlidir. Müasir bağça anlayışı yalnız rəqəmsal avadanlıqla təchiz olunmuş məkan kimi qiymətləndirilməməlidir: “Uşaqlar gündəlik həyatda kifayət qədər rəqəmsal təsirə məruz qalırlar. Buna görə də bağça onların bacarıqlarını, təxəyyülünü, yaradıcılığını və sosial münasibətlərini inkişaf etdirən mühit olmalıdır. Torpaqla, qumla, müxtəlif ənənəvi oyuncaqlarla ünsiyyət uşağın hərtərəfli inkişafında mühüm rol oynayır”.

Müsahibimiz valideynlərin təhsilə yanaşmasında da ciddi dəyişikliklərin baş verdiyini söyləyib. Onun sözlərinə görə, əvvəlki nəsillərdə əsas diqqət akademik biliklərə yönəldilirdisə, bu gün uşaqların sosial, peşə və həyati bacarıqlar qazanması daha vacib hesab olunur. Texnologiya ilə ənənəvi oyunlar arasında balansın qorunması da uşaqların sağlam inkişafı üçün vacib şərtlərdən biridir. Ənənəvi oyunlar uşaqlarda ünsiyyət, əməkdaşlıq və sosiallaşma bacarıqlarının formalaşmasına kömək edir.

“Texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilsə də, uşaqların fiziki və sosial inkişafında canlı ünsiyyətin və ənənəvi oyunların rolu əvəzolunmazdır. Bağçalar və ailələr bu balansın qorunmasına xüsusi diqqət yetirməlidirlər”, – deyə mütəxəssis qeyd edib.

Xalidə Həmidova hesab edir ki, həm ailə, həm də təhsil müəssisələri Alfa nəslinin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər, yaradıcı və bacarıqlı fərdlər kimi formalaşması istiqamətində birgə fəaliyyət göstərməlidirlər.

Digər yazılar