Atam öləndə niyə ağlamadım?
Gecə saat 22.30-da (29 may 2007-ci ildə) dünyasını dəyişdi. Ölən anında gözümdən yaş çıxmadı. Gözündən yaş çıxaranlar hərdən çönüb donuq-donuq mənə baxırdılar. Mən isə atamın yumulan gözlərinə baxırdım. O da mənim kim ağlamırdı, donub qalmışdı. Otaqda isə rəngləri dümmağ olan bir kəpənək uçurdu. Gözü yaşlı arvadlardan biri “ruhu uçub getdi” dedi.
Bundan sonra ağlamadılar. Kəpənək isə açıq pəncərədən çölə çıxdı. Bir daha onu görmədim. Elə atamı da Sumqayıt qəbirstanlığında torpağa basırandan sonra görmürəm. Yalnız şəkillərinə və bir neçə dəfə yuxulardakı görüntülərinə baxıram.
Atamı ölən günü gecə saat 3 radələrində hönkür-hönkür ağladım. Onun da “günahkarı” Şamaxıdan gələn xalam oldu. İçəri girən kimi hündürdən “Can, ay Məhərrəm” dedi. O söz mənim ağlamaq faylımın kodunu açdı və doyunca ağladım.
Elə indinin özündə qardaşlarım atamın ölən anında niyə ağlamadığımı başıma qaxırlar. Deyirlər ki, ürəyində ata sevgisi olmayıb. Onları qınamıram, düz deyirlər, çünki məni atam yox, anamın atası Bəşir dədəm saxlayıb. Əsil atamın kim olduğunu isə sonralar bilmişəm. Ancaq atamgilin evlərində baş verən bəzi hadisələri kino lenti kimi indi də görürəm. Bunlar isə heç nəyi dəyişmir. Dəyişən ata-anamın dəyişməyi idi.
Bəşir dədəm də aramızda yoxdur. 1986-cı ildə öldü, Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Əmirxeyir kəndində torpağa basırıldı. Onda mən Türkmənistanın Nebit-Dağ şəhərində yaşayırdım. Orada yaşayan xalamla babamın 7-sinə çatdıq. Aqqız nənəm də babamın 40-cı günü günortadan sonra vəfat etdi. Gözlərimin qarşısında…
Onda da gözümdən bir yaş belə çıxmadı. Heç sonra da ağlamadım. Bilmirəm niyə…
İndi Bakıda Bəşir dədəmin adına qoyulan “Bəşir Səfəroğlu” küçəsində qalıram. Qoy Tanrı xalq artisti Afaq xanımın atası Bəşir Səfəroğluna rəhmət eləsin. Onu da heç vaxt yaxından görməmişəm, yalnız kinolarına baxmışam. Afaq xanımla isə Rusiyanın İvanovo şəhərindən gələn zaman təyyarədə yol yoldaşı olmuşuq. Yəqin yadından çıxıb. İnsanların həyatda yol yoldaşları çox olur.
Bəşir Səfəroğlu küçəsi “Sovetski”nin düz kəlləsindən üzü aşağı düz Rəşid Behbudov küçəsinə qədər uzanır. Bizim binamız elə kəllədə yerləşir. Bir vaxtlar Azərbaycan Dövlət Universitetinin tələbəsi olanda bizi o küçədən (adı Şors idi) aşağı beşmərtəbəyə tərəf getməyə məhəllə uşaqları qoymurdular. Fırlanıb “Baksovet”dən gedirdik. İndi o “sovetski” uşaqlarının harda olduğunu bilmirəm. Evlərini söküblər, hər ailə bir tərəfə dağılıb. Əslində Bakının hansı yerində yaşamağın elə də fərqi yoxdur. İndi hər yerə metro və “Bakubus” işləyir. O vaxtlar isə bus yox idi, PAZ-lar var idi. Paz olub keçmişdi, Bakı sakinlərinin canına. İndi yaşamağa nə nar, hər şey var. Olmayan ata və babamdır. Bir də ölməmək üçün özünü gərək koronavirusdan qoruyasan.
Atam sağ olsaydı, koronavirus ona yaxın gələcəkdimi, bilmirəm…
Bilirəm ki, şəxsiyyət vəsiqəmdə ata yerində “Məhərrəm” yazılıb. Atam doğum şəhadətnaməmdə bu sözü öz əllərilə yazıb. Onda buna səlahiyyəti çatırdı, kənd sovetinin katibi idi. İndi isə nəinki yazmaq, heç yaşamaq səlahiyyəti də yoxdur, çünki 13 ildir ki, dünyasını dəyişib. Atamın adının “Məhərrəm” olmadığını qaçqın düşəndən sonra bildik. Sumqayıta qeydiyyata salınanda pasportunda adının “Göyüş” olduğunu gördük. Ona da bu adı atası qoyub və heç kəsə deməyib. Kənddə isə hamı atama “Məhərrəm” deyib. Bunun nədən olduğunu indi də bilmirik, bəlkə atam Məhərrəmlik ayında doğulub. Bizim tərəflərdə məhərrəmliyin keçirilmədiyi düşünsək, o adın hardan yarandığı yenə qaranlıq qalır.
Atam isə o dünyaya “Məhərrəm” adı ilə getdi, çünki başdaşında məhz bu ad yazılıb. Onu “Göyüş” kimi heç kim tanımırdı.
Buna isə təəssüflənməyə dəyməz, atam kimi minlərlə insan bu dünyada iki adla yaşayıb. Gedəndə isə başdaşlarında yalnız biri yazılır.
Başdaşları olmayanlar da az deyil. İndi 21-ci əsrdə yaşamağımıza baxmayaraq günahsız insanların ölümü günü-gündən çoxalır. Heç çoxlarının nəinki başdaşları, heç qəbirləri də yoxdur. İŞİD-in, PKK-nın, “Əl-Qaidə”nin, “Taliban”ın, “Boko Haram”ın, ASALA-nın əli onların qanına batıb. Göy üzündəki bütün yağış da yerə tökülsə, o qan izini o cəlladların əlindən apara bilməz.
Bu dünyadan onsuz da heç nə silinmir, elə bu dünyanın özündə qalır. Yazdığım bu yazı kimi…
Bu gün bir çox mövzuya baş vura bilərdim, vurmadım, fikirləşdim ki, evimizin alt yanında yerləşən Təzəpirdə insanlar öz inanclarına görə ağı deyirlər.
Ramazan ayı da yenicə qurtarıb…
Hər kəs öz inanclarında sərbəstdirlər, elə ağı deməklərində də…
Bu gün qardaşlarımın biri zəng edib qəbir üstünə gedib-getməməyimi soruşdu. Dedim ki, işləyirəm, axşam maşın tapıb gedəcəm. Dedi ki, axşam qəbir üstünə getməzlər. Səbəbini soruşduqda kəskin şəkildə “Olmaz” dedi. Mən də üstünü vurmadım.
Görəsən, doğrumu deyir? Ancaq indiyədək heç bir qəbiristanlığının girişində “Bura saat 18-dən sonra daxil olmaq qadağandır” sözləri yazılmayıb.
Maşınımın olmaması da ağlamamağım kimi başına çox qaxılır. Özü də bu sözü 5-6 maşını olan yaxın qohumlarım deyir. Özləri bizneslə məşğuldurlar. Bakının hər yerini söküb tikirlər…
Biz söz adamlarının yazı yazmaqdan başqa heç bir biznesi yoxdur…
Atam sağ olsaydı, yəqin mənə maşın alardı, deməli qismət deyilmiş. Maşınsız da yaşamağın ayrı ləzzəti var…
Elə belə bir yazını yazmağın da…
Babək Göyüş