Şərif Ağayar: “Mən Anarı tanıyanda depressiyaya düşdüm” – MÜSAHİBƏ

“Ədəbiyyatın tənəzzülü bir millətin tənəzzülü deməkdir”.

Höte belə yazır. Böyük yazıçı həm ədəbiyyatın, həm də millətinin inkişafı üçün çabalamalıdır.

“Qanun” nəşriyyatının redaktoru, tanınmış yazıçı Şərif Ağayarın Bizim.Media-ya özəl müsahibəsini təqdim edirik.

– Məhsuldar, oxuyucusu bol əsərləriniz var, dünyaya çıxmaq cəhdləri yüksəkdir. Ümumiyyətlə, Azərbaycan yazıçıları hansı üsullarla dünyaya çıxırlar?

– Kapitalizm dövrünün öz reallıqları var. Sən yaxşı yazsan da, kimsə səni axtarıb-tapıb dünyaya təqdim edəsi deyil. Təbii ki, istisna hallar ola bilər. Bütün ölkələrdə ədəbiyyatın dünyada davamlı tanıdılması prosesi gedir. Bununla bir yox, bir çox təşkilatlar və qurumlar məşğul olur.
Uzağa getməyək, Gürcüstanda “Gürcüstan Yazarlar Evi” başda olmaqla, dövlət strukturları, aidiyyatı qurumlar, ictimai təşkilatlar bu məsələ ilə davamlı məşğuldur. Ən inkişaf etmiş ölkələr sırasında olan Almaniya belə Höte Fondu vasitəsi ilə dünyada alman dili və ədəbiyyatının təbliğatını aparır.


Fransa səfiri tərəfindən Şahbaz Xuduoğluna təqdim edilən orden Fransa kitablarını Azərbaycanda çap etdirdiyi üçün idi. Təəssüf ki, Azərbaycanda bu istiqamətdə xırda qurumları, təşkilatları çıxmaq şərti ilə, ciddi bir iş görülmür.

Dünyaya çıxmaq üçün dünyaya çıxmağı istəmək və bu istək arxasında davamlı fəaliyyət lazımdır. Azərbaycanda belə bir fəaliyyət lazımi səviyyədə olmayıb, yoxdur, yaxın gələcəkdə də olmasını gözləmirəm. Bizim dünyaya çıxmaq məsələmizi yalnız yazıçıya bağlamaq absurddur. Bunu ancaq söhbəti bilməyən adamlar düşünür”.

– “Kulis.az” saytının baş redaktoru kimi fəaliyyət göstərdiyiniz zaman ədəbi proseslərə, hadisələrə yanaşmanız müəyyən qədər mülayim idi. Son vaxtlar isə mövqeyiniz xeyli radikallaşıb. Səbəb nədir?

– Baş redaktor kimi hər hansısa məsələyə münasibət bildirəndə sən həm də rəhbəri olduğun redaksiyanın mövqeyindən çıxış etmiş kimi görünürsən. Bu mənada işin məsuliyyətini dərk etmək təbiidir. Bizdə çox zaman deyirlər, bunu özün işlədiyin vaxt niyə demirdin? Cavab çox sadədir. Çünki iş yerinin məsuliyyəti var və sənə etimad göstərən adamlara problem yaratmaq istəmirsən.

Ona görə düşünüb danışırsan. Bu mənfi yox, müsbət keyfiyyətdir. “Qanun” nəşriyyatında da məsuliyyətimdən irəli gələn məsələlərdə lazımı qədər diqqətliyəm. Sadəcə bura müstəqil bir qurumdur və daha azad mühiti var.
“Qanun”un ən böyük dəyəri də elə burdadır. Öz ayaqları üstündə dayana bilir və kitabı urvatlı yerdə saxlayır. Onu məddahlıq, yaltaqlıq və yarınmaq vasitəsinə çevirmir. Radikallığa gəlincə, adamı nə qədər möhkəm vururlar, o qədər bərk səs çıxarır.

Mənim heç bir siyasi marağım yoxdur. Bir yazıçı olaraq öz ölkəmdə adam balası kimi yaşamaq istəyirəm. Bu imkanı məndən alanlar bir ortabab cümləmə dəyməzlər. Mən bu ədalətsizliyə üsyan edirəm və bəli, radikalam. Qocalıb getdik. Artıq 45 yaşım var.

Ömrümüzün yarısını erməni-rus qaniçənləri taladı, yarısını da öz qaniçənlərimiz. Dərdimizi uyğun bir dillə izhar eləməliyik. Bu radikal alınırsa, demək, reallığın tələbidir.

– “Kulis.az”da vəzifənizdən getdikdən sonra niyə hekayə, bədii yazı yazmamısınız?

– Hamı məni məhsuldar hesab etsə də, əslində çox yazan deyiləm. Həm də son vaxtlar pandemiya və müharibə kimi iki müdhiş reallıq yaşadıq. Təsəvvür edin küçədə həyəcan siqnalı çalınır, aləm bir-birinə dəyib, sən o an hardasa dayanıb şeir deyirsən… Mümkün deyil. Bu cür ekstremal vəziyyətlərdə insan yalnız sağ qalmaq barədə düşünür. Pandemiya ilə müharibə hamının, o cümlədən yazıçının içində müəyyən təbəddülatlar əmələ gətirdi. Daşların yerinə oturması, suların durulmasın üçün vaxt lazımdır.

– Müasir dünya ədəbiyyatının müxtəlif cərəyanları, özünəməxsus priyomları, dil texnikaları və yazı tərzləri var. Azərbaycan yazıçısı, şairi modern ədəbi müstəvidə hansı nöqtədə dayanıb və niyə qabağa gedə bilmir?

– Bütün izmlər sonuncuymuş kimi yaranır. Sanki bundan sonra heç nə olmayacaq. Amma olur.  20-ci əsrin sonlarına doğru modernizm iflasa uğrayır, postmodernizm meydana çıxır. İndi də metamodernistlər öz alternativ gerçəklərini irəli sürürlər.
Məsələn, tutaq ki, tanrı yoxdur deyirik, biz bununla nə qazanırıq? Bəlkə, bir az tərəddüd edək? Şəxsən mən təcrübədən çıxış edərək deyə bilərəm ki, nəzəri bilgilər yaradıcılığa birbaşa kömək etmir. Qəliz məsələdir. Nəzəriyyə ilə ciddi mətnə gəlmək mümkündürmü? Mən bu suala birmənalı “hə” deməkdə çətinlik çəkirəm. Hətta çox vaxt düşünürəm ki, mümkün deyil.

Nəzəri bilgilər kreativ deyil. Keşmiş zamana yönəlikdir. Mövcud olanların öyrənilməsidir. Lakin burada incə bir məqam var. Biz intellektimizi artıraraq özümüzü daha dərindən və daha ucadan ifadə etmək imkanı qazanırıq.

Biz ona görə bilik əldə etmirik ki, böyük yazıçı olaq, ona görə bilik əldə edirik ki, böyük adam olaq. Böyük adam olandan sonra sən artıq balaca yazıçı ola bilmirsən. Kitabdan gələn bilgilər mətnimizə o vaxt təsir edir ki, biz bunları öz filtrimizdən keçiririk və məlumatlar tamamilə canımıza, ruhumuza hopur, əsər yazanda çox təbii şəkildə özünü büruzə verir.


Gənclərin böyük mətn yazmaq sevdasından çox, böyük adam olmağa çalışmasının tərəfdarıyam. Bunun üçün isə intellektlə bərabər, xarakter də lazımdır. Həqiqətin yanında olmağı bacarmayan bir intellekt kitab yüklü eşşəkdir. Bu gün Azərbaycanda elə bir mühit, cəmiyyət var ki, yazıçının haqq-ədalət mövqeyində davam gətirməsi çox çətindir.

– Ədəbiyyatda fikir ayrılıqları həmişə mövcud olur. Bu gün ədəbi reallığı AYB tərəfdaşları və ona qarşı olanlar deyə iki böyük cəbhəyə bölünüb. Siz AYB-yə əks duruş sərgiləyirsiniz. Bu prinsipal məsələdir, yoxsa ədəbi imic?

– Qəti şəkildə ədəbi imic deyil, şəxsən mənim belə bir imicə ehtiyacım yoxdur. Əksinə, çox vaxt bu davalarla reputasiyamıza kölgə salırıq. Biz 21-ci əsrin liberal, demokratik dəyərlərinə iddialıyıq. AYB isə 1934-cü ildə Stalin tərəfindən ədəbiyyatı idarə eləmək üçün yaradılmış bir təşkilatdır. SSRİ-də ədəbiyyat partiyanın beşillik planları ilə idarə olunurdu.

Hüseyn Cavidə deyirdilər, niyə traktor, pambıqdan yox, iblisdən yazırsan. Doğrudur, indi həmin dövr deyil, lakin ən vacib məslələrə münasibətdə AYB heç dəyişməyib. Eyni totalitar düşüncədədir.
Üstəlik ədəbiyyat sahəsini tamamilə öz monopoliyasına alıb. AYB-yə görə Azərbaycanda heç bir ədəbiyyatla bağlı sivil ictimai təşkilat qeydiyyatdan keçib dövlətlə işləyə bilmir. Qeyri-hökumət təşkilatına dövlət büdcəsindən niyə vəsait ayrılmalıdır? Bizim qanunvericilikdə belə bir prosedur yoxdur. Mən demirəm, ayrılmasın, ayrılsın, lakin sivil qaydalarla.

Qanunvericiliyə uyğun olaraq. AYB-yə ayrılan pullar azad və gerçək ədəbiyyatın yaranmamasına sərf olunur, çünki sistem əvvəldən belə qurulub. Azərbaycanda yaxşı əsərlərin yaranmamasının əsas səbəbi ya yazıçının iqtisadi cəhətdən azad olmaması, ya da azad yazıçının nəinki yaradıcılıq, hətta yaşamaq imkanlarından məhrum qalmasıdır.

Hələ nəsirlə məşğulsansa, öz üzərində işləməlisən, bir evin, bir loxma çörəyin olmalıdır. Nəsrə ömür həsr etmək lazımdır, ondan da qazanc gəlmirsə və hər şey monopoliyadadırsa, ən optimalı AYB-yə üzv olub azadlıqdan mərhum olmaqdır. Ya da sufilər kimi qarnına daş bağlayıb gəzməli və yazmalısan.

Bu gün AYB nəinki lazım deyil, hətta zərərlidir. Ədəbiyyat o zaman inkişaf edər ki, dövlət kolxoz kimi saxladığı təşkilatı buraxır, konkret layihələrlə işləyir. Azərbaycanda 50 nəfər ciddi funksional imza yoxdur. AYB-də oturan, danışanda ağzından dovğa tökülən yüzlərlə “qələm adamı” öz işlərinin ardınca göndərmək lazımdır.

Əgər bir adamın əvvəl iki uğurlu romanı çap olunub, yaxşı iyirmi hekayəsi varsa, deməli, yaza bilir. Həmin adama normal qonorar və zaman verirsən, o da sənə yaxşı əsər yaradır. Arxasınca həmin romanın dünyada təbliğatı ilə məşğul olursan. Yoxsa ətək öpməyə alışmış istedadsız, mənəviyyatsız adamlara qarşı bir tək sən nə edə bilərsən? Biz dövlətdən heç nə istəmirik.

Dövlət konstitusiyada təsbit olunan yaradıcılıq şəraitini yaratsın, yetər. AYB ucbatından müstəqillik dövründə bircə dənə də olsun sivil ədəbi təşkilat qeydiyyatdan keçməyib. Bir nəfə də olsun yazar xaricə təhsil almağa və ya master-klasslara göndərilməyib. Halbuki bütün sahələrdə bu göstəricilər kifayət qədərdir. 
– Ədəbiyyat tamamilə azad olmalıdırmı?

– Yazıçının tamam azad olması mübahisəlidir, ədəbiyyat isə tamamilə azad zonadır. Möhtəşəmliyi də ondadır ki, media, kino, teatr bina, kamera, mikrofondan asılı olsa da, ədəbiyyat heç nədən asılı deyil. Ədəbiyyat bütün sənətlərin ən qədimi və ən möhtəşəmidir. Ona görə bəşəriyyət onun ətəyini heç vaxt buraxmır. Şəxsən mən Tanrını söz kimi başa düşürəm, mənə görə tanrı daha çox sözdə təcəlla edir.

– Fərz edək, Anarın yerinə başqa biri təyin olundu, bəlkə də Rasim Qaraca. Nə dəyişəcək? 

– Məsələ Anarla bağlı deyil. Anarın şəxsən mənfi keyfiyyətləri çoxdur, kinlidir, yeni tendensiyalardan xəbəri yoxdur, feodal qaydalarla işləyir, yazıçıdan çox ədəbiyyat naziri kimi aparır özünü və s. Sistem öz də yanlışdır.

AYB müasir dövrlə uyğunlaşmayan kolxoz təfəkkürlü yerdir. Bu dünyada bir-biri ilə axıracan razılaşan iki yazıçı ola bilməz. Sartr və Kamyu kimi ən yaxın dostaırn arasına da mübahis düşdü və yolları ayrıldı. Yaradıcılıq yalquzaqlıqdır. Amma AYB-nin qurultayları olur, yüzlərlə adam hamısı bir nəfər kimi Anara səs verir. Və bu proses 35 ildir ki davam edir.

Təsəvvür edirsiniz? Dünyanın heç bir sivil yazıçısına bu komediyanı izah edə bilməzsiniz. Bu təfəkkürdə olan insanlar nə yazacaqlar?

– 2013-cü ildə AYB sıralarından xaric olmağınızın Fikrət Qoca haqqında səsləndirdiyiniz fikirlər olduğu məlumdur. Bu barədə bir müsahibədə AYB-dən çıxarıldığınıza sevindiyinizi, hətta sizi təbrik edənlərin olduğunu söyləmişdiniz. Kimlər idi?

– Bütün azad yazarlar. Hətta o vaxt mənim çıxarılmağıma etiraz əlaməti olaraq 8 gənc AYB sıralarından çıxdı. İstibdad güclənəndə, haqq-ədalət zəifləyəndə AYB kimi təşkilatlar virus kimi aktivləşir. Bu kəhanət ocağı Azərbaycan ədəbiyyatına-mənəviyyatına metastaz verib. 
– Azad yazıçı dedikdə kimi nəzərdə tutursunuz?

– Az da olsa var. Məsələn, Rasim Qaraca, Seymur Baycan, Nərmin Kamal, Cavid Ramazanlı və s. Mən də özümü müəyyən qədər azad yazıçı hesab edirəm. Ancaq bu müəyyən qədəri belə bağışlamırlar mənə. Boyundurğu boynuna keçirməlisən, başqa yolu yoxdur. Öz vicdanından başqa kiməsə hesabat verirsənsə, ədəbiyyatdan çox uzaqdasan. Sartr başının üstündə tanrını belə görmək istəmirdi, yəni o qədər azadlıq istəyirdi. İçi özüm qarışıq hamımız etdiyimiz səhvlərə görə utanmağı bacarmalıyıq. Azadlıq həm də utana bilmək hissidir. Azad insan həm də özünə qarşı gedə bilməlidir. İnsanlar azadlıqdan uzaqlaşanda sarsaqlıq edir.

– AYB-dən xaric olmağınız ədəbi fəaliyyətinizə necə təsir etdi?

– Mən AYB-də olanda da, olmayanda da sözümü aşağı-yuxarı demişəm. Ən azı mədəni müstəvidə özümü tamamilə azad hiss etmişəm. Müəyyən siyasi kontrollarım olub, olacaq da, çünki siyasət bildiyim bir sahə deyil və çox da bulaşmaq istəmirəm. Mən siyasətdən qorunmağa çalışıram.

– Bu gün ciddi qələmlər niyə yoxa çıxıb, nə işlə məşğuldurlar?

– Azərbaycan istedad baxımından çox möhtəşəm yerdir. Baxın, bizdə neft fontan verən Ərəbistan səhraları da, min-bir gözəlliyə malik İsveçrə dağları da var. İstedadları da bu cür yetişdirir bu torpaq.
Bol-bol. Mühit olmadığına görə çox unikal imzalar məhv olub gedir. Xarakteri zəif olanlar yaltağa başlayır, güclü olanlar isə ya yoxsulluğun pəncəsində məhv olur, ya içkiyə qurşanır, ya da ölkəni tərk edirlər. Azərbaycanın istedad yox, mühit problemimiz var.

Mia Quliyeva, Bizim.Media

Paylaşın: