Dəfələrlə özü ilə etdiyimiz söhbətlərdə bu məsələlərin işıqlandırılmasını istəmədiyini bildirsə də, bir jurnalist olaraq bu gənc xeyriyyəçinin gördüyü işlərinə laqeyd yanaşa bilməzdim.
Haqqında yazacağım bu gənc hal hazırda çoxunun tanıdığı Rafael Dostalıyev Bakı şəhərində anadan olub. Kiçik yaşlarından kitablara böyük maraq göstərərək savad almağa can atmış, müxtəlif biliklərə yiyələnmişdir.
Rafael hər zaman təhsilə önəm vermiş və aldığı təhsil nəticəsində cəmiyyətin ehtiyac duyduğu sahələrdə fəallıq göstərməyə başlayaraq işləməyə başlamışdır.
Nəhayət ki, qarşısına qoyduğu məqsədə nail olaraq insanlığa xidmət etməyə başlamış, kasıb ailələrə, onların övladlarına öz dəstəyini əsirgəmədən kömək etməyə başlamışdır.
44 günlük müharibədə dostu Ramil Əliyevlə bir yerdə arxa cəbhədə ordumuza böyük dəstəyini göstərərək əsgərlərimizə lazım olan ehtiyaclarını gecə gündüz yatmadan çatdırırdılar.
Müharibə bitdikdən sonra da öz şəxsi hesablarına 100-dən çox şəhid və qazinin həyat hekayəsini işıqlandırmışdılar.
Rafael hər zaman şəhid ailələrinin yanında olur, onların dərdinə şərik, çətinliklərinə bacardığı qədər dəstək olur. Şəhid analarına yönləndirdiyi kampaniyalarla, təşkil etdiyi tədbirlərlə onların yalnız olmadıqlarını hiss etdirir.
Rafael Dostalıyev yalnız Azərbaycanda deyil, beynəlxalq səviyyədə də tərif olunmuşdur. Afrikada açdırdığı su quyuları, vermiş olduğu xeyriyyə yeməkləri kimi gördüyü işlər insanlığın ən yaxşı tərəflərini göstərən nümunəvi insanlıq addımlarıdır.
Beləliklə, Rafael cavan yaşda olmasına baxmayaraq, bu qədər işin öhdəsindən gəldiyi üçün onu bir qəhrəman adlandırmaq olar. Vətənini sevən xeyriyyəçi Azərbaycanımızın rayonlarına turlar təşkil edərək Vətənimizin gözəl guşələrini, tarixi mənbələrini hər kəsə bəyan edir.
Son olaraq bildirmək istərdim ki, gördüyü işlərin haqqında yazmaq istədiyimi bildirəndə Rafael bəy belə cavab verdi: “Ehtiyac yoxdur. Vətənimizin, dövlətimizin keşiyində durmaq hər birimizin borcudur. Əgər mən bu gün Vətənim üçün nəsə edə bilirəmsə bundan böyük xoşbəxtlik mənim üçün nə ola bilər”.
Biz də fəxr edirik ki, sizin kimi gənclərimiz var Rafael bəy. Yeni işlərinizdə sizə uğurlar arzulayaraq bunu demək istərdik. Kaş hər kəs sizin kimi olsun.
Cəmilə Vasifqızı