Paris İrəvanı uçuruma aparır: Ermənilər yenə vədlərə aldandı

Cənubi Qafqazdakı proseslər yaxşı hazırlanmış ssenari çərçivələrindən çıxaraq böyük geosiyasi oyunçuların planlarını pozmağa başlayıb.

Fransanın Ermənistana verdiyi tam dəstək, fransalı siyasətçilərin bəyanatları və onların Ermənistana səfərləri, ən sonda da Paris meriyası ilə Fransadakı erməni diasporu ilə birlikdə “humanitar yardım” toplayaraq 10 ağırtonnajlı yük avtomobili ilə Azərbaycanla şərti dövlət sərhədinə yollaması – ən nəhayət, Fransa prezidenti Emmanuel Makronun “qarabağlı ermənilərin üzləşdiyi humanitar fəlakət” məsələsini BMT Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarmaq cəhdi – bütün bunlar rəsmi Parisin strategiyasının tərkib hissəsidir.

BMT TŞ-da Azərbaycana qarşı yönəlmiş qətnamənin qəbuluna nail olmağa çalışan və bu məqsədlə Fransanın bütün diplomatik arsenalını işə salan Emmanuel Makronun məqsədləri konkret, amma bəsitdir.

Fransanın məqsədi Cənubi Qafqaz bölgəsində Rusiya Federasiyasının mövqelərini həddən ziyadə zəiflətmək və sonda Moskvanı ümumiyyətlə, bu mövqelərdən məhrum etməkdir.

Rəsmi Parisin Azərbaycana qarşı yönəlmiş radikal və aqressiv kampaniyasının, nümayişkaranə şəkildə davranışının və Bakını təbdən çıxarmaq cəhdlərinin arxasında çox incə şəkildə hesablanmış məqsədlər durur.

Bəli, ilk baxışdan hər şey aydındır: Fransanın hakimiyyət dairələri və siyasətçiləri ermənidən artıq erməni olmağa çalışır, qarabağlı ermənilərin separatizmini dəstəkləyir, beynəlxalq təşkilatlarda və qlobal geosiyasətdə Azərbaycana qarşı hücumlara keçir və s…

Fəqət, zahirə aldanmamalı, müşahidə etdiyiimiz situasiyanın pərdərarxasına baxmağa, əməlləri şərtləndirən məqsədləri və mahiyyəti bəlirləyən məzmunu anlamağa çalışmalıyıq.

Fransa prezidenti Emmanuel Makronun bilavasitə göstərişi ilə sürətlə və genişmiqyaslı şəkildə “erməni sevgisi”nə mübtəla olan fransalı siyasətçilər, məmurlar və ictimai xadimlər ermənilərə bol vədlər verirlər.

Hətta tragifars o həddə çatır ki, Paris meri Ann İdalqo Ermənistana yollanır, İrəvanda çoxsaylı görüşlər keçirir, qarabağlı separatçıların lideri Araik Arutyunyanla onlayn ünsiyyət qurur. Bununla da kifayətlənməyən mer Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsində saxlanılaraq Birinci Qarabağ müharibəsində törətdiyi vəhşi cinayətlərə görə məsuliyyətə cəlb edilən Vaqif Xaçaturyanın qızı ilə görüşərək onu bağrına basır, «atanın ən qısa müddətdə azadlığa çıxması üçün əlimdən gələni edəcəyəm» deyir.

Arxa planda isə rəsmi Papis İrəvana, Ermənistanın baş naziri Nikol Paşinyana sərt təzyiqlər göstərərək Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinə (RSK) qarşı çıxışların, gözdənsalma kampaniyasının sürətləndirilməsini tələb edir.

Məhz bu səbəbdən qarabağlı erməni separatçıları RSK hərbçilərinə qarşı “qəfil” aqressiya nümayiş etdirməyə başlayıblar.

Ermənistan mediasında və xüsusilə də sosial şəbəkələrin erməni seqmentində qatı anti-Rusiya təbliğatı, rusiyalı sülhməramlıların və ümumiyyətlə, Rusiyanın ünvanına fasiləsiz təhqirlər səngimək bilmir.

Xankəndində, Əsgəranda və Xocalıda qarabağlı ermənilər qruplar formasında rusiyalı sülhməramlıların qarşısına çıxır, onları fəaliyyətsizlikdə, xəyanətdə, “Azərbaycana və Türkiyəyə satılmaq”da suçlayırlar.

Xocalıda, RSK qərargahının girişində ermənilərin yolu kəsməsi, daha sonra Əsgəranda RSK-ya məxsus yük maşınını hərəkətinə imkan verməmələri, rusiyalı sülhməramlının döyülməsi və s. – bütün bunlar məhz Fransanın təhriki, təşviqi və göstərişləri əsasında edilən hərəkətlərdir.

Qarabağlı erməni separatçılarının isterikalarını Moskva görür və şübhəsiz ki, proseslərin dirijorluğunun kimlərə məxsus olduğunu da anlayır.

Fransalı siyasətçilərin davranışı isə gerçəkdən də, artıq qrotesk həddinə çatıb.

Məsələn, Paris meri Ann İdalqo İrəvanda bəyan edib ki, «humanitar yüklü maşınlarımızı Axərbaycan sərhəddən buraxmadı».

Halbuki, İrəvana yollanmazdan əvvəl İdalqo ölkəsinin prezidenti Emmanuel Makrondan bəzi məqamları öyrənə bilərdi. Makron Bakıya zəng vuranda ona başa düşəcəyi dildə anlatdılar ki, Azərbaycanın dövlət strukturları qarabağlı ermənilərə qarşı hər hansı formada blokada tətbiq etmir: sadəcə, Laçında, Ermənistanla dövlət sərhədimizdə gömrük və sərhəd nəzarəti var.

Görünür, fransızlarla ermənilər düşünüblər ki, əgər Paris meri maşınları müşayiət edirsə – məsələ çözüldü, yüklər barədə Bakıya əvvəlcədən məlumat verilməsi, avtomobil karvanının zəruri sənədləşdirilməsi və s. hamısı ikinci, hətta on ikinci dərəcəli məsələlərdir.

İdalqo ilə ermənilər gümanlarında yanıldılar.

Parisdən göndərimliş “humanitar yüklü” 10 TIR Ermənistanın Azərbaycanla şərti dövlət sərhədinin yaxınlığında, Kornidzorda bir neçə saat gözləyəndən sonra Gorusa, oradan da İrəvana yollanıb.

İdalqonun Ermənistanda “Vaqif Xaçaturyanın taleyi, onun ən qısa müddətdə azadlığa buraxılması ilə şəxsən məşğul olacağam” açıqlamasına gəldikdə isə, ucuz fransız melodramalarındakı səhnəcikdəki replikanı xatırladan bu ifadə sadəcə, vəddir.

Dinc azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanan, hərbi cinayətkar sayılan Vaqif Xaçaturyanla bağlı Parisin merinin edə biləcəyi ən uzağı İnstagramda “kövrək” paylaşım etmək, yaxud da sabiq Tvitter, indiki X mikrobloqinq servisində Bakıya növbəti hədələr ünvanlayaraq virtual barmaq silkələmək olar.

Vəssəlam- Parisin geosiyasi təzyiq arsenalı budur.

Ermənilərsə Fransanın vədlərinə inanır və tarixlərindəki çoxsaylı, fəlakətli səhvlərə yenisini əlavə edirlər.

Hindistanla hərbi-texniki əməkdaşlığın həcmini 1 milyard dollara çatdırmağı planlaşdıran, Yunanıstanla geosiyasi ittifaq qurmaqla məşğul olan, Fransadan ən ciddi və böyük geosiyasi dəstək aldığını düşünən Ermənistan həddən artıq ağır problemlər məngənəsinə doğru hərəkət etdiyinin fərqində deyil.

Fransanın siyasi dəstəyinə, Hindistanın silah-sursatına, Yunanıstanın müttəfiqliyinə, erməni diasporunun puluna və lobbinq fəaliyyətinə bel bağlamaq Ermənistanın baş naziri Nikol Paşinyan üçün ən arzuolunmaz siyasi davranış modelidir.

İrəvandakı hakimiyyətlə yanaşı, Ermənistan vətəndaşları və xüsusilə də qarabağlı ermənilər hələ də dərk etmirlər ki, onlardan vasitə və alət qismində istifadə edirlər.

Ermənistan Fransaya, Yunanıstana, Hindistana, Rusiyaya müstəqil və suveren, güclü və normal dövlət qismində qətiyyət maraqlı deyil.

Ermənilərin indiki vəziyyəti ilə gələcəyi də həmin ölkələr üçün önəm kəsb etmir: yeganə əhəmiyyətli məqam ermənilərdən faydalanaraq məqsədləri reallaşdırmaqdır.

Əvvəlki dönəmlərdən fərqli olaraq qlobal geosiyasətdə möhkəmlənmək fikrinə düşən Hindistan, Türkiyənin mövqelərini zəiflətmək üçün Cənubi Qafqazda ermənilərlə “qardaşlığı” intensivləşdirməyin effektiv olacağını xəyal edən Yunanıstan və ermənilərdən son iki əsrdə artıq 3-cü dəfə vasitə qisminlə yararlanaraq sonradan kənara ataxağı şübhə doğurmayan Fransa trio formatında aktivləşiblər.

Bu gün Ermənistan XİN-nin Rusiya XİN-nə ünvanlanmış bəyanatı yayaraq Moskvanı “xəyanət”də suçlaması da məhz rəsmi Parisin təlimatları əsasında İrəvanın Moskvaya qarşı aşkar demarşıdır.

“Qarabağ məsələsi heç vaxt Ermənistan və Azərbaycan arasında ərazi mübahisəsi olmayıb, bu Qarabağ xalqının hüquqları məsələsidir. Rusiya ötən il Qarabağın statusunu təxirə salmağı təklif etdi, biz qəbul etdik, Azərbaycan isə bundan ümumiyyətlə imtina etdi. Rusiya Ermənistanı problemə salıb öz sözünə əməl etmədi, Ermənistan ərazilərinin işğalına biganə qaldı. Rusiya özü 9 noyabr bəyanatında da, Azərbaycanla imzalanan Müttəfiqlik Bəyannaməsində də Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Hazırda Qarabağda baş verənlər Rusiya sülhməramlılarının iştirakı ilə baş verir. Biz Rusiya XİN-ə təklif edirik vəziyyəti daha da mürəkkəbləşdirməsinlər”, – bəyanatda deyilir.

Göründüyü kimi, İrəvandakı hakimiyyət məhz Fransanın siyasi və Hindistanın hərbi-texniki dəstəyinə bel bağlayaraq o qədər cürətlənib ki, Moskvanı hədələyir, Rusiya qarşısında ultimatum səsləndirir.

Fransa hər zaman və hər yerdə olduğu kimi, onun vədlərinə inanan hakimiyyətləri uçuruma aparır, Parisə bel bağlayan xalqları uzunmüddətli istismara sürükləyir.

Ermənilərsə bunu dərk etmirlər.

Elçin Alıoğlu

Paylaşın: