Türkiyənin Şarl de Qollu – Ərdoğanı avtoritetdir

Neçə vaxtdır həm Avropada, həm də öz ölkəsində adamın soyadının qabağındakı “Rəcəb Tayyib” adını ixtisar ediblər, “diktator Ərdoğan” yazırlar. Bəzən heç “Ərdoğan” da yazmırlar, eləcə ondan bəhs edərkən “diktator” kəlməsi işlədirlər.

Deyə-deyə, yaza-yaza milyonlarla insanda belə bir qənaət yaradır, onu 20-ci əsrin məşhur diktatorlarıyla – Stalinlə, İosip Broz Tito ilə, Stressnerlə, Frankoyla, Salazarla, Mao Tzsedunla, Kim İr Senlə və başqalarıyla bir cərgəyə qoyurlar.

Bəs bu iddialar həqiqətə nə dərəcədə uyğundur? Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan doğrudan da diktatordurmu?

777666.png (675 KB)

Əgər belə bir ehtimalı ciddi qəbul etsək, demək, Türkiyədə diktatura rejimi mövcuddur. Diktaturanın klassik tərifi isə belədir: “Diktatura — tək bir lider və ya lider qrupu ilə xarakterizə olunan, siyasi plüralizmə və ya müstəqil mediaya az dözümlü, ya da heç bir şəkildə dözməyən bir hökumət və ya idarə forması”.

Bu parametrlərlə götürsək, iddialar əsaslı deyil, Türkiyədə diktatura yoxdur. Çünki vaxtaşırı dürüst və qanuni seçkilər keçirilir, parlament yenilənir, bələdiyyələrdə müxtəlif partiyalar təmsil olunur. Hansı diktatura rejimində ölkənin paytaxtı və dünya miqyaslı meqapolisinin idarəsi müxaliftin əlindədir? Bir nümunə varmı? Türkiyədə isə o örnək var, İstanbul, Ankara və İzmir müxalif siyasətçilər tərəfindən idarə olunur. Hazırda ölkə parlamentində bir çox siyasi partiyanın nümayəndələri var. Siyasi plüralizmə də ciddi riayət olunur.

Bundan başqa, Türkiyədə müstəqil media mövcuddur və hakimiyyətdə olanlar şiddətli şəkildə tənqid olunurlar və onların tənqidə az dözümlü və ya dözümsüz olmaları heç nəyi dəyişmir. Sadəcə, müstəqil media nümayəndələrinin məhkəməyə çəkilməsi, məsuliyyətə cəlb edilməsi praktikası da var. Bu isə daha çox onların qırmızı xətti keçmələri təqdirində olur. Ərdoğanı və onun rəhbərlik etdiyi partiya və iqtidar komandasının siyasətini kəskin tənqid edənlərin çoxu sözlərinin məsuliyyətini anlayırlar deyə, elə bir ciddi təqib-təzyiqə məruz qalmırlar.

4444444.JPG (45 KB)

Məsələn, Uğur Dündar, Yılmaz Özdil, Emil Çölaşan, Rahmi Turan kimi tənqidçi yazarların məruz qaldığı ən böyük təzyiq çalışdıqları media qurumundan ayrılaraq başqa media qrupuna keçmələri olub. Orası da var ki, bir zamanlar (10-11 il öncə) Türkiyə jurnalistlərin ən çox həbsdə olduğu ölkələrdən biriydi, amma sonra onların “dövlət içində dövlət”in – Fətullah Gülən camaatının iradəsi ilə həbsə alındığı məlum oldu.

Bununla belə, cənab Ərdoğanın personası qismən “diktator” ünvanının bəzi tələblərinə uyğun gəlir. Lap qədimlərdə mütləq gücə sahib olan siyasi lider “diktator” adlandırılıb. Bu termin fövqəladə hallarda respublikanı idarə etmək üçün Senat tərəfindən təyin olunmuş Roma respublikasında bir hakim vəzifəsi olaraq meydana gəlib.

Cənab Ərdoğan mütləq gücə sahibdir, hökmlüdür, öz iradəsini yeridəndir, nəzərdə tutduğu məqsədə çatmaq, hansısa layihəni həyata keçirmək üçün əlində olan rıçaqlardan maksimum istifadə edir, əksər vaxtlarda planını həyata keçirir. Ancaq o, ona mane olanları kütləvi şəkildə repressiya etdirmir, rəqiblərinim fiziki baxımdan məhv edilməsinə və ya həbs olunmasına çalışmır.

boris.JPG (71 KB)

Bəzən onu Rusiya Federasiyasının prezidenti Putinlə eyniləşdirirlər. Bəlkə də ona görə ki, onların ikisi də 20 ildən çoxdur ki, dövlət başındadırlar və bir-birilə yaxşı anlaşırlar. Ancaq Putinin dönəmində ona müxalif olan Boris Nemtsov, Boris Berezovski, Aleksandr Litvinenko, Anna Politkovskaya, Sergey Maqnitski, Stanislav Markelov, Anastasiya Baburova, Nataliya Estemirova, Sergey Yuşenkov, Yuri Şekoçixin, David Filippov kimi şəxslər müəmmalı şəkildə qətlə yetirilibsə, Ərdoğanın dövründə ona müxalif olan siyasilər, jurnalistlər, ictimai xadimlər öldürülməyib. Bundan başqa, hazırda Putinin ən güclü siyasi rəqibləri Aleksey Navalnı və Vladimir Kara-Murza həbsdədirıər.

Düzdür, Türkiyədə də terrorçu PKK-nın lideri Abdulla Öcalan və separatçı HDP-nin lideri Səlahəddin Dəmirtaş da həbsdədir, ancaq onların təqsirinin adı üstündədir: terror təşkilatına rəhbərlik etmək, dövləti bölməyə çalışmaq. İstənilən ölkədə o cür cinayətə bulaşanları cəmiyyətdən təcrid edirlər.

Bu baxımdan Ərdoğanı diktator adlandırmaq mümkün deyil.

markofid.JPG (88 KB)

Auqusto Pinoçet                      Ferdinand Markos                             Fidel Kastro

Yuxarıda adlarını saydığımız və Truxilyo, Pinoçet, İdi Amin, Bokassa, Düvalye, Markos, Fuximori, Fidel Kastro, Səddam Hüseyn, Müəmmər Qəzzafi, Hafiz Əsəd kimi siyahıya salmadığımız diktatorların hər biri yüzlərlə, minlərlə günahsız insanın qətlinə, edamına fərman vermiş adamlardır. Müasir dövrdə “diktator”, “despot”, “tiran” deyiləndə məhz elələri nəzərdə tutulur.

Qanuni şəkildə uzun müddət hakimiyyətdə qalana isə diktator yox, əsasən avtoritar lider deyirlər. Öz şəxsi avtoritetindən hakimiyyətdə qalmaq, siyasi uzunömürlülüyə nail olmaq üçün istifadə etməyə qalsa, Ərdoğanı Fransanın 18-ci prezidenti Şarl de Qolla müqayisə etmək olar.

888877.jpg (227 KB)

General de Qoll II dünya müharibəsində alman nasizminə qarşı müqavimət hərəkatına başçılıq etdiyi üçün ölkəsində, eləcə də Avropada böyük nüfuz qazanmışdı. Ona görə də dövrünün siyasi liderləri ona bata bilmirdilər. İkinci dünya müharibəsindən sonra həmişə ölkəsinin siyasi arenasında öndə olan, müvəqqəti hökumətin başçısı, müdafiə naziri, baş nazir, prezident kimi vəzifələr tutaraq həlledici söz sahibinə çevrilən Şarl de Qollu zamanında “qollizm”də də suçlayıblar. O da ABŞ və NATO ilə münaqişəyə girib, onların iradəsini özü üçün direktiv saymayıb. O vaxtlar ABŞ rəhbərliyinin, eləcə də Avropa liderlərinin de Qolldan xoşları gəlməyib. Onlar fransız liderin hakimiyyətdən kənarlaşdırılmasını arzu ediblər. 1965-ci ildə keçirilən prezident seçkilərində Fransua Mitteran 31 faiz səs toplayaraq ona ciddi rəqabət yaradıb. Həmin vaxt de Qoll eynilə Ərdoğan kimi birinci turda prezident seçilə bilməyib, ikinci turda isə 54 faiz səs toplayaraq öz postunu qoruyub. Fəqət 3 il sonra, 1968-ci ilin mayında Şarl de Qolla qarşı başlanmış xalq etirazları onun hakimiyyətini sarsıdıb və general 1969-cu ilin aprelində prezident postundan istefa verməli olub.

Şarl de Qoll da televiziya ilə uzun-uzadı və bəlağətli çıxışlar edə, öz xarizmasından yararlanaraq hamını borclu çıxara, rəqiblərini öz məntiqi ilə tərk-silah edə bilirmiş.

İndi belə anlaşılır ki, mayın 28-də o, rəqibi Kılıçdaroğluya təxminən 54 faiz səslə qalib gələcək, amma ondan 2-3 il sonra nələrin baş verəcəyini bilmək olmaz. Hər halda insan özü əbədi olmadığı kimi, tutduğu post və mövqe də əbədi deyil.

Xalid KAZIMLI
Paylaşın: