“Məktəblərdə tədris sentyabrın 1-dən başlaması daha uyğun olardı”. Bunu elm və təhsil naziri Emin Əmrullayev ötən gün keçirdiyi brifinqdə deyib. O, uşaqların indi daha az məktəbə getdiyini və tədris ili nə qədər uzun olarsa, bu uşaqların gələcəyi üçün daha yaxşı olar deyə qeyd edib.
Bəs məktəblərin sentyabrın 1-dən başlaması mümkündürmü və bu, hazırkı təhsilimiz üçün vacibdirmi?
Məsələ ilə bağlı Referans.az-a danışan Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, fəlsəfə doktoru İlqar Orucov nazirin bu təklifinin olduqca vacib olduğunu və dərslərin sentyabrın 1-dən başlamasının çox doğru bir qərar ola biləcəyini bildirib:
“Mən özüm də bir neçə ildir ki, bu təklifi edirəm və belə bir qərarın qəbul olunmasının vacib olduğunu bildirmək istəyirəm. Düşünürəm ki, məhz dərslərin sentyabrın 15-dən deyil, 1-dən başlamasını təmin etmək lazımdır. Bu təbii ki, Elm və Təhsil Nazirliyinin verəcəyi qərardan asılı deyil. Bununla bağlı Nazirlər Kabinetinin qərarı olmalıdır. Bu gün müxtəlif ölkələrdəki təcrübələrə nəzər salsaq, görərik ki, fərqli ölkələrdə tətillərə fərqli zaman ayırıblar. Amma Azərbaycandakı qədər yay tətilinə bu qədər zaman ayrılması çox az sayda ölkədə təsadüf edilir. Nümunə olaraq deyə bilərəm ki, Bakıda fəaliyyət göstərən bir neçə özəl məktəblərdə dərslər avqustun 15-dən başlayır. Təbii ki, onlar kondisioner sistemi ilə təchiz olunub, bu ayrı bir mövzudur. Yəni demək istəyirəm ki, bu mümkündür. Əlbəttə, demirəm ki, məktəblər avqustdan başlasın, lakin sentyabrın birindən başlaması mümkündür. Eyni zamanda tətillərin bu qədər uzun müddət olması şagirdlərin də dərslərdən uzaqlaşmasına səbəb olur. Məktəblər açılandan sonra təxminən bir həftə ərzində şagirdlər dərslərə adaptasiya olur”.
Tətil müddətinin uzun olmasının şagirdləri dərsdən olduqca uzaqlaşdırdığını deyən ekspert tətil müddətində şagirdlərin kitab üzü açmadığını və bunun da böyük bir problem olduğunu qeyd edib.
Məktəblərdə tədris müddətinin sentyabrın birindən başlamasıyla bağlı Referans.az-a açıqlama verən Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valeh bildirib ki, bu məlumat yanlışdır və Emin Əmrullayev brifinqdə elə bir söz deməyib. Onun sözlərinə görə, nazirin dediyi sözü jurnalistlər yanlış başa düşüb: “Yayılan məlumatlar tamamilə əsassızdır. Nazir Emin Əmrullayev dünən keçirdiyi brifinqdə təhsil müddətinin sentyabrın 1-dən başlamasını təklif edirəm deyə bir söz deməyib. Onun dediyini yanlış mənada təqdim ediblər”.
Cəsarət Valehov “deyilməyən hər hansı bir məsələ üçün məlumat verə bilmərəm”, – deyə qeyd edib.