Əsrin adamı – VİDEO

Dünya yaranandan bəri saysız-hesabsız əsrlər bir-birini əvəz edib. Yenə də əvəz edə-edə davam edir. Bunun sonzusluğa gedəcəyini isə heç kəs bilmir. Bilinən odur ki, hər əsrin öz adamları, öz tarixi şəxsiyyətləri olub. Dərsliklərdə və ensiklopediyalarda onların bəziləri barədə informasiyalar yer alır. Ancaq zaman keçdikcə o ünlülərin də arasında süzgəcdən keçənlərin və yadda qalanların sayı azalmağa doğru gedir.
Neyləmək olar, insan hafizəsi də bir fayl kimidir, dolduqca onu təmizləməyə məcbur olursan. Ancaq silmək məqamı gələndə bəzi isimləri saxlayırsan. Çünki o isimlərin yeri yaşadığın, havasını udduğun, torpağında gəzdiyin, suyunu içdiyin Vətənin adı ilə eyni çəkilir: Nizami, Füzuli, Nəsimi, Şah İsmayıl Xətai, Pənahəli Xan, Fətəli Xan, Əlimərdan bəy Topçubaşov, Fətəli Xan Xoyski, Heydər Əliyev…
Bunların hər biri öz əsrlərinin adamlarıdır…
Bu siyahı getdikcə genişdir. Bura əsasən ədəbiyyat adamları və siyasi xardimlər daxil edilib. Digər peşələrdə də dünya sivilizasiyasına damğa vuran ünlülərimiz çoxdur.
1918-ci ildə ilk Respublikasını yaradan xalqımız ötən əsrin təlatümlü illərinin süzgəcindən geçərək bu günə kimi ayaqda qalıb. Düzdür, 70 il Sovet imperiyasının məngənəsində qalmışıq. Ancaq xalqımız daim azadlıq məfkurəsi ilə yaşayıb. O yaşantını isə qəlbində, ürəyində, atdığı hər addımda gizli saxlayan oğullarımızdan biri Heydər Əliyev olub.

Məhz SSRİ dönəmində onun Mərkəzi Komitəyə birinci katib kimi böyük vəzifəyə gəlişindən sonra istər siyasi, istərsə də iqtisadi meydanda ciddi dönüş yarandı. İlk növbədə hakimiyyətdə təmsil olunanların içində milli kadrların sayı çoxaldı, elm, mədəniyyət və incəsənətdə canlanma oldu, bir-birinin ardınca filmlər çəkildi, əsərlər tamaşaya qoyuldu, sənaye inkişaf etdi, zavod və fabriklərin iş əmsalı artdı.
Bütün bunların Komissarı Heydər Əliyev idi. O, Moskvada Siyasi Büronun üzvləri ilə sıx təmas quraraq öl xalqı, doğma Azərbaycanı üçün əlindən gələni etdi, SSRİ Nazirlər Kabinetinin birinci müavini olanda də əlini Bakının üstündən geri çəkmədi, əksinə o əlin gücü ilə doğma Vətənini 15 respublika içində liderliyə yüksəltdi.
Ancaq onun əlinin dəmir yumruğa çevrilməsinə ermənipərəst siyasilər imkan vermədi. Elə Azərbaycanın bəlaları məhz onun 1987-ci ildə öz işindən istefa verməsindən sonra başladı. Qarabağda erməni ünsürlər baş qaldırdı, mitinqlər bir-birini əvəz etdi, Moskva isə dırnaqarası bu zalım “xalqın” istəyilə Azərbaycanın əleyhinə xüsusi iclaslar keçirdi, sonda isə Bakıda vüsət alan xalq inqilabını yatırtmaq üçün qoşun yeritdi.
Qorbaçovun Bakıdakı əlaltıları da ona dəstək oldu və Azərbaycan qan içində boğuldu. Bütün bunları kənardan seyr edən Heydər Əliyevin ilk addımı Moskvadakı xüsusi nümayəndəlikdə Kremlə etirazı oldu.
Sonrakı hadisələrdə Bakıya qarşı insana yaraşmayan hərəkət edən SSRİ-nin özü içindən dağıldı. Yenə də həmin dövrdə Bakıda kök salan “demokratlar” öz məkrli siyasətlərini yerinə yetirdilər. Nəticədə 1-ci Qarabağ müharibəsi başladı və Azərbaycan Moskvanın dəstək və silah verdiyi Ermənistanla üz-üzə qaldı. Bir-birinin ardınca kənd və şəhərlər işğal olundu.
Heydər Əliyevin gücü isə doğulub boya-başa çatdığı Naxçıvanı qorumağa çatdı. Və bu istəyinə nail oldu. Erməni döyüşçülərinin bu Muxtar Respublikaya daxil olmasına imkan vermədi. Bakıda isə xalq vətəndaş müharibəsi ərəfəsində idi. Yerli hakimiyyət əlində silah tutan qaragüruhçuların əlində əsir-yesir olmuşdu. Yenə öz xalqının köməyinə Heydər Əliyev gəldi, qardaş qırğınının qarşısını kəsdi, ermənilərin işğal etdiyi kəndlərin bir qismini geri qaytardı.
Həmin vaxt ölkə iqtisadiyyatı bərbad vəziyyətə düşmüşdü, ordusu, silahı yox idi.
O isə başqa yol seçdi. 1994-cü ildə Əsrin Müqaviləsinə imza atdı. Məqsədi dövlət xəzinəsini doldurmaq, iqtisadiyyatı dirçəltmək və ordunu gücləndimək idi.
Fani dünya ona işğal edilən torpaqları geri almağı nəsib etmədi. Əlini dəmir yumruğa çevirmək isə oğlu İlham Əliyevə nəsib oldu.
İndi Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Onun Böyük Sərkərdəsi, Məğrur Ali Baş Komandanı var. Şuşa kimi alınmaz qalanı erməni mənfurlarından geri qalan və Xankəndinin bir addımlığında üçrəngli bayrağımızı göylərə qaldıran, himnimizi səsləndirən, Heydər Əliiyevin nəsiyyətini reallaşdıran İlham Əliyevimiz var.
Hər bir insanın hafizəsi dolanda daimi onu yeniləyir. Ancaq Heydər Əliyev hər kəsin yaddaş faylında yer alacaq, silinməyəcək.
İstər bir əsr, istər bir era keçsin, fərq etməz. Azərbaycanın siyasi tarixində onun yeri öz yerində qalacaq.

 

Şakir Göyüşov,
“Qaraqoyunlu.com” saytının baş direktoru

Paylaşın: