Son hadisələr Ermənistan cəmiyyətini qəflətdən oyadır. Ölkənin siyasi elitası reallığı xülyadan fərqləndirməyə çalışır. Bu etnik qrup yüz ildən artıqdır başqa torpaqları ələ keçirmək və türklərə düşmən münasibət ruhunda tərbiyə edilib. Sanki erməni cəmiyyətinin yuxudan ayılıb qonşuları ilə dinc yanaşı yaşamasına hansısa xarici əl mane olur. Heç şübhəsiz, bu əli Ermənistanda tutanlar, dəstəkləyənlər, öpənlər də var.
Əslində, ötən gün Ermənistan parlamentində baş verənlər də bunu təsdiqləyir. Belə ki, parlamentin hakim “Vətəndaş razılaşması” fraksiyasından olan deputat Vigen Xaçatryanın çıxışı bir çox mənalarda ölkədə rezonans yaradıb. O, parlamentdə çıxışı zamanı bildirib: “Hələ 1996-cı ildə Ermənistanın o vaxtkı prezidenti Levon Ter-Petrosyan bizim üçün bir xalqın başqa xalqa zorla tabe etdirilməsinin yolverilməzliyi ideyasını irəli sürmüşdü. Başqa sözlə, Qarabağın Azərbaycanın tərkibində gələcəyinin olmadığı deyilirdi. İllər ötüb və bu gün, demək olar ki, mənim fikrimcə, bu, düzgün ideya deyil”. Eyni zamanda Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanın hakimiyyətləri dövründə və indi də deputat olan milyonçu Qurqen Arsenyan bildirib ki, son yüz ildə erməni və ermənilik “Azərbaycanofobiya” və “türkofobiya” ilə sıx şəkildə qəbul edilib: “Mən əminəm ki bunların heç birininin erməniliyə aidiyyəti yoxdur. Müasir ermənilik qonşularla dinc yanaşı yaşamaq, sərmayə, risklərin azalması və erməni sahibkarların təşviq edilməsidr”. Göründüyü kimi, Ermənistanda heç də hamı Robert Koçaryan, Serj Sarqsyan və onların təmsil etdiyi siyasi düşərgədəkilər kimi düşünmür. Həmin şəxslər Qarabağla bağlı uydurmaları və Azərbaycana düşmənçiliyi təbliğ etməklə siyasi xal toplamağa, yenidən hakimiyyətə gəlməyə ümid bəsləyirlər. Bu sabiqlər və ətraflarına toplaşanlar erməni cəmiyyətinin reallığı, həqiqəti qəbul etməsinə, xülyalardan oyanmasına mane olurlar. Onlara bu işdə bir sıra mətbu orqanlar dəstək verir. Bu tiplərə Ermənistan cəmiyyətinin gələcəyi deyil, kimlərinsə tapşırığını yerinə yetirmək vacibdir. Həmin qüvvələr Ermənistana etimadın, inamın yaranmasına mane olurlar.
Məhz, 44 günlük müharibədən sonra bir sıra mətləblər kimi, Ermənistan cəmiyyətinin Qarabağa münasibətinin üzərinə də işıq düşdü. Bu torpaqların onlara aid olmadığı bir daha təsdiqləndi. Əgər həmin torpaqlar onlara məxsus olsaydı, oraları əkər, biçər və tikərdilər. Müharibədən əvvəl və savaş zamanı sübut olunub ki, erməni ata-analar oğullarının Azərbaycana aid ərazidə ölməsi, yaxud şikəst qalmasını artıq istəmirlər. Bunu Ermənistanda valideynlərin övladlarını Qarabağda xidmətdən yayındırdıqları barədə çoxsaylı informasiyalar da təsdiqləyir. Müharibə dövründə erməni cəmiyyətinin ovqatı da bundan xəbər verirdi. Bu ölkənin ordusunun hərbi vətənpərvərlik ruhunun aşağı olduğu belə deməyə əsas verir.
Ermənistanın düşdüyü bataqlıqdan çıxmasının yeganə yolu Azərbaycanla münasibətləri normallaşdırmaq və hikkəli iddialardan, uydurma ideologiyadan əl çəkməkdir. Deputatın da çıxışından belə görünür ki, Baş nazir Nikol Paşinyan və komandası bu həqiqəti və reallığı artıq anlayıblar. Əks halda onların da aqibəti əvvəlkilərdən fərqlənməyəcək. Çünki Köçəryan və Sarqsyanın da xidmət etdiyi uydurma “Qarabağın müstəqilliyi” ideyası nəticəsində Ermənistan dalana dirənib və vəziyyətdən çıxmadan inkişafa nail ola bilməyəcək. Elə rəsmi İrəvanın hazırkı siyasi kursu da buna hesablanıb.
Nəhayət, qəflətdən oyananlar Ermənistan cəmiyyətinə reallığı, həqiqəti deməyə başlayıblar. Onlar Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu başa düşür. Bu torpaqların onlara aid olmadığını təmsil etdikləri etnik qrup arasında çəkinmədən danışırlar. Əvvəllər belə çıxış edənləri ermənilər “türk”, “düşmən” adlandırıb, ölümlə hədələyər, ya da qətlə yetirərdilər. Ancaq cəmiyyətdə dayaqlarının, Azərbaycan və Türkiyə ilə bağlı həqiqəti bilənlərin sayının çoxluğundan Vigen Xaçatryan parlamentin tribunasından reallığı açıqlayıb. O, bununla həm də Ermənistan və erməni cəmiyyətinin aldadıldığını da etiraf edib (report).